Ready to get started?
TOP UniversitiesApril 25, 2023
Seriyamızın 12-ci günündə Almaniyanın Bonn şəhərində tələbəmiz Sunay ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Salam, mən Əliyev Sunay. Hal-hazırda Master of Science Economics ixtisası üzrə Bonn Universitetində 2. kursda təhsilimi davam etdirirəm. Bakalavr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə ixtisası üzrə almışdım. Daha sonra Bakı Mühəndislik Universitetində Maliyyə Menecmenti üzrə magistr təhsilinə başladım. Amma 1 il sonra təhsilimi donduraraq, Almaniyaya gəlməyə qərar verdim.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?
Əsas göstəricilərim 6.5 IELTS və 96.67 GPA (ortalama qiymət) idi. Qəbulumda, əlbəttə ki, yazdığım əhatəli motivasiya məktubu da vacib rol oynadı. Hal-hazırda ödənişli təhsil alıram, amma Bonn Universiteti dövlətə məxsus olduğu üçün sadəcə cüzi bir məbləğ (hər smestrin əvvəli 323 avro) ödəməklə kifayətlənirik. Burdakı yaşam xərclərinə gəldikdə isə Bonn digər şəhərlərlə müqayisədə daha ucuzdu, ona görə də tələbə üçün aylıq kirayə sığorta ilə birlikdə 600-700 avro təşkil edir.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Dərslərin çətin olduğunu amma bunun çox normal olduğunu deyərdim. Çünki Bonn Universiteti əsasən tədqiqat yönümlü olması ilə seçilir və bütün dərslər də bu istiqamətdə tədris olunur. Bonn universiteti tədqiqat istiqamətində Almaniyada sayılıb-seçilən universitetlərdən biridir. Hətta universitet iqtisadiyyat üzrə Almaniyada TOP5-də, dünya üzrə isə bəzi reytinq agentliklərinə görə TOP50-də qərarlaşıb. Məncə akademik karyera düşünənlər üçün çox yaxşı seçimdir. Burdakı təhsil sistemi ilə bağlı bəyəndiyim digər bir nüans tələbələrin ən azı bir proqramlaşdırma dili öyrənməyə sövq edilməsidir. Ümumi olaraq deyə bilərəm ki, kodlaşdırma tədris olunan əksər fənnin tərkib hissəsidir.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Əslində günümüzün müəyyən hissəsi kitabxanada keçdiyi üçün, sosial həyata çox vaxt ayırmaq olmur, amma ayırdığımız zaman universitetin imkanlarından istifadə etməyə çalışırıq. Universitet təhsil xaricində vaxt keçirmək üçün fərqli imkanlar təklif edir. Məsələn, idmanla məşğul olmaq istəyənlər üçün müxtəlif kurslar var. Bundan başqa kitab klubu fəaliyyət göstərir, fərqli mədəniyyətlərə məxsus rəqs kursları da təklif olunur. Xarici tələbələrin birlikdə qurduğu international club birlikdə vaxt keçirmək, yeni insanlar və mədəniyyətlər ilə tanışmaq üçün əla bir vasitədir. Tələbə olaraq bu şəhərdə bir sıra üstünlükləriniz var, məsələn bütün əyalətdə pulsuz səyahat edə və muzeylərə ödənişsiz daxil ola bilirsiniz.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Bonn şəhəri təxminən 300min nəfərlik əhalisi ilə Almaniyanın Berlindən öncəki paytaxtıdır. Əhalisinin çox böyük bir hissəsini, məncə, tələbələr təşkil edir. Eyni zamanda Bonn şəhərində DHL, Deutsche Telekom, DW kimi bir neçə məşhur qurumların baş ofisi, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının bir çox mərkəzi yerləşir. Bonn şəhəri həm də olaraq da əlverişli yerdədir. Köln'dən sadəcə 35-40 dəqiqə, Düsseldorfdan isə 1 saat uzaqlıqdadır. Eyni zamanda Hollandiya və Belçikadan sadəcə 3-4 saatlıq məsafədədir.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Burdan xaricdə təhsilini davam etdirəcək və ya etdirməyi planlaşdıran tələbələrə ilk öncə bol şans və uğurlar arzulayıram. Daha sonra seçim edərkən, prioritetlərini düzgün müəyyən etmələrini və ixtisas seçiminə daha çox vaxt ayırmağı məsləhət görərdim. İlk növbədə akademik yoxsa korporativ karyera istəmələri müəyyən edilməlidir. Eyni zamanda bura gələrkən qarşılaşa biləcəkləri çətinliklərə hazır olmalarını amma heç nəyin imkansız olmadığını unutmamalarını tövsiyə edirəm. Amma yeni insanlar, yeni mühit kimi bir çox faktorlar buranı əvəzedilməz edir, ona görə əgər xaricdə təhsilinizi etdirmək şansı varsa, bu şansı qaçırmamanızı şiddətlə tövsiyə edirəm.