Ready to get started?
TOP UniversitiesApril 13, 2023
Seriyamızın 4-cü günündə İngiltərənin Coventry şəhərində tələbəmiz Murad ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Murad İsmayılov. 19 yaşım var. İngiltərədə Coventry University-də “Business Administration” ixtisası üzrə təhsil alıram.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?
Universitetə daxil olmaq üçün IELTS imtahanından 6.5 bal toplamışdım.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Fikrimcə burada təhsil çox yaxşıdır. Professorların bizdə yaratdığı həvəs, universitetin yaratdığı şərait, biznes dərsləri və simulyasiyaları – qısası təhsil ilə bağlı hər şeyin çox yüksək səviyyədə olduğunu düşünürəm. Bir maraqlı şey də tələbələrin universitet tərəfindən kompüter avadanlıqları ilə təmin olunmasıdır. Tələbə kartımız ilə həm notbuk ala, həm də masaüstü kompüterlər istifadə edə bilirik.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Universitetdə hər şey tələbələrin rahatlığı üçün qurulub və bu təhsil xaricində də özünü göstərir. Ən çox diqqət çəkən şeylərdən biri ərazinin böyüklüyüdür: təxminən 10-dan artıq binanı əhatə edən bir universitetdir və bu binalara fakültə binaları və kitabxanalardan əlavə tələbələrin istirahət etməsi və sosiallaşması üçün bir bina da daxildir.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Coventry şəhərində turistlər çox olmur və bu insan sıxlığını azaldır. Hətta deyərdim ki, burası bir tələbə şəhəridir. Universitet şəhərin mərkəzində yerləşir və kampus xaricinə çıxdıqda belə çoxlu tələbələr görmək olur. Bura həm də tarixi bir yerdir. Şəhərdə çoxlu muzey və katedrallar var və xüsusən İkinci Dünya Müharibəsinin izlərini görmək olur.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Ən əsas məsləhətim özünə güvənmələridir. Anlayıram ki, bu, bir qədər şablon səslənir və mən də öncədən bu sözə qarşı mənasızmış kimi yanaşırdım. Amma özünə güvənmək çox önəmlidir. Bura gəldikdə ailədən uzaq, sərbəst olacaqsınız və bunun öhdəsindən gələ biləcəyinizə inanmaq lazımdır. Əgər bunu nəzərə alıb xaricdə təhsil almaq qərarını verirsinizsə, bunun üçün çalışmaq lazımdır. Düşünürəm ki, bu hamı üçün çox faydalı olacaq.💙