Ready to get started?
TOP UniversitiesOctober 10, 2023
Seriyamızın 73-cü günündə Koreyanın Daejon şəhərində tələbəmiz Rəfsan ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Rəfsan Həbibullayev. 18 yaşım var. KAIST universitetinin 2-ci kursunda Elektrik Mühəndisliyi və Fizika ixtisasları üzrə təhsil alıram.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
Universitetə qəbul olmağımda fizika fənni üzrə yerli Respublika Fənn Olimpiadası və bir neçə fərqli müsabiqələrdəki, bundan əlavə Beynəlxalq Fizika olimpiadalarındakı nəticələrimin böyük köməyi olub. Bundan başqa 1500 SAT, 7.5 IELTS nəticələrim də qəbul olmağımda rol oynayıb. Mən universitet tərəfindən tam təqaüd qazanmışam və aylıq yaşam xərcləri üçün stipendiya da verilir.
3) Universitetdə təhsil necədir (dərslər, elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Universitetdə təhsil son dərəcədə yaxşı keçirilir. Dərslər sahədə intensiv araşdırma təcrübəsi olan professorlar tərəfindən keçirilir və onlar da dərsin əhatə dairəsini çox yaxşı şəkildə başa salaraq bir tərəfdən də maraq oyadırlar. Əlavə olaraq da burda tələbələrin araşdırma etməsi və təcrübə proqramlarına qatılması tələb olunur.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Universitetin ilk ilində olan tələbələr üçün xoşbəxt universitet həyatı adlı dərs keçilir, hansı ki bunun məqsədi müxtəlif millətlərdən olan tələbələri tanış etmək və dərslərin stresini azaltmaqdır. Bundan əlavə burda bir çox fərqli festivallar, konsertlər, maratonlar və s. keçirilir.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Koreya dünyanın ən çox inkişaf etmiş ölkələrindən biridir. Bu da burda yaşayan insanlara bir çox imkanlar yaradır. Universitetin yerləşdiyi Daejon şəhəri isə kiçik, təbiəti zəngin olan bir şəhərdir.
6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Mən xarici universitetlərdə oxumaq istəyən tələbələrə ən çox SAT, milli və mənim fikrimcə ən vacibi, xarici olimpiadalara güclü hazırlaşmağı məsləhət görərdim. Əlavə olaraq da KAIST-i xaricdə yaxşı təhsil almaq istəyən hər kəsə tövsiyə edirəm.