Ready to get started?
TOP UniversitiesMay 19, 2023
Seriyamızın 33-cü günündə Cənubi Koreyanın Daejon şəhərində tələbəmiz Yusif ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Yusif Qasımov. Cənubi Koreyanın KAIST universitetində 1-ci kurs tələbəsiyəm.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?
Universitetə 1420 SAT və 93 TOEFL nəticələri ilə qəbul olmuşdum. Lakin düşünürəm ki, qəbulumda ən böyük pay yerli və beynəlxalq riyaziyyat olimpiadalarındakı uğurlarıma düşür.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Universitetdə ən məşhur ixtisaslar kompüter elmləri, elektrik mühəndisliyi, riyaziyyat elmləri və biznes və texnologiyanın idarə olunması ixtisaslarıdır. Düşünürəm ki, buna səbəb qeyd edilən ixtisasların fakültələrinin daha çox beynəlxalq yönümlü olması, həmçinin Koreyada bu ixtisaslara uyğun iş və təcrübə imkanlarının çoxluğudur. Əksər tələbələr double-major və ya major-minor edir, yəni bir deyil iki ixtisas üzrə təhsil alırlar. Bundan əlavə, hamı öz təhsil yolunu özü seçir – hər semestr başlamazdan əvvəl iştirak edəcəyimiz dərsləri müəyyən edirik. Dərslər isə bir qədər çətindir. Semestr boyu 15 kreditdən artıq dərs götürməyi məsləhət görməzdim. Koreyanın orta məktəblərində mövzular daha dərindən öyrədilir, buna görə də onların universitetə gəldikdə müəyyən bazası olur. Xaricdən gəlmiş tələbələrdə isə belə olmur. Həmçinin qiymətlər tələbələrin nəticəsinə görə müəyyən edilir, buna görə də yaxşı qiymət üçün sinif ortalamasının üstünə çıxmaq lazımdır. Bundan əlavə, tələbələrin sənaye və yaxud universitet laboratoriyalarında təcrübə qazanmaq imkanı var. Bunu maaş alaraq və yaxud kredit qarşılığında etmək olar.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Ən əvvəl bunu deyim ki, sosial cəhətdən aktiv olmaq üçün Koreya dilini bilmək lazımdır. Universitetdə musiqi, idman və s. ilə bağlı bir sıra klublar var, amma bu klubların əskəriyyəti Koreyalı tələbələrdən ibarət olduğu üçün bu dili bilmək vacib olur. Bəzi klublar üçün isə bu dili bilmək şərtdir, yəni bilmədən üzv olmaq mümkün deyil. Ümumilidə isə, KAIST sosial aktivlikdən daha çox akademik fokusludur.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Dərslər səbəbindən gəzməyə bir o qədər də vaxt ayıra bilməmişəm. Lakin bunu deyə bilərəm ki, ölkə çox təhlükəsizdir və insanlar arasında güvən hissi var. Küçələr də təmizdir 😊 Universitetin yerləşdiyi Daejon şəhəri isə paytaxt Seuldan 150-200 km uzaqlıqda yerləşir və Seul qədər müasir və ön-planda deyil.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Riyaziyyat və kompüter elmlərinə marağı olan, həmçinin akademik fəaliyyətlərə fokuslanmağı xoşlayan tələbələr üçün KAIST fikrimcə idealdır. Həmçinin burada 40-dan artıq Azərbaycanlı təhsil alır, buna görə də universitetə gəlməzdən öncə və ya burada təhsil alarkən həmişə istədiyiniz istiqamətdə məsləhət ala bilərsiniz.