Ready to get started?
TOP UniversitiesMay 18, 2023
Seriyamızın 32-ci günündə Polşanın Lodz şəhərində Zərif ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Zərif Qazi. Bakalavr təhsilimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Beynəlxalq Münasibətlər” ixtisası üzrə almışam. Hal-hazırda Polşada, Lodz Universitetində eyni ixtisas üzrə magistr təhsili alıram.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?
Universitetə 6.0 IELTS nəticəsi ilə qəbul olmuşam. Hal-hazırda 50% təqaüdlə təhsil alıram: illik təhsil haqqım 1900€-dur. Yaşam xərcim isə ortalama olaraq 400€-dur.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Dərslər bəzən çətin ola bilir, amma ixtisaslaşma və magistr təhsili üçün normal olduğunu düşünürəm. Dərslər fərqli metodlarla tədris olunur: müəllimlər dərs barədə ilkin olaraq müxtəlif suallar soruşub daha sonra bu suallar əsasında izah edirlər. Akademik məqalələrin yazılması, qrup işlərinin təşkil olunması da dərsləri daha da maraqlı edir.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Universitetdə bir sıra klublar fəaliyyət göstərir: bura həm idman, həm təhsil, həm şəxsi inkişafa aid olan klublar daxildir. Yeni gələn tələbələrlə bu barədə görüşlər keçirilir, sonra marağı olan tələbələr rahatlıqla qoşula bilirlər.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Lodz şəhərini təbiət şəhəri adlandırıram: sanki meşənin içində şəhər yaradıblar. Hər tərəf yaşıllıq, hər yan ağaclarla doludur. Yolda gedərkən tez-tez parklara rast gəlinir. Həm də çox sakit şəhərdir, insanın ruhu dincəlir burada. Qayda-qanunlara son dərəcə ciddi əməl olunur. Lodzda ən sevdiyim yerlərdən biri “Manufaktura” adlı alış-veriş mərkəzidir. Avropanın ən böyük alış-veriş mərkəzlərindən biridir.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
İlk olaraq xaricdə təhsil almaq istəyən hər bir tələbə mental olaraq özünü buna hazırlamalıdır, çünki xaricə çıxmaq bir növ komfort zonamızdan çıxmaq deməkdir. Yeni mühit, yeni insanlar, yeni təhsil sistemi fərqli davranmağı öyrədir. Risk etməkdən, arzularının arxasınca getməkdən heç çəkinməsinlər. Məqsədlərinə çatmaq üçün çox çalışsınlar. Elə ən əsası budur: çəqsəd və istək. Polşada yaşam digər Avropa ölkələrindən daha rahatdır və yaşam xərcləri daha aşağıdır. Ən gözəl tərəfi isə ordan istənilən (viza ilə gedilməsi mümkün olan) Avropa ölkəsinə ucuz qiymətə biletlər alıb səyahət etməkdir. Həm qatarla, həm avtobusla, həm təyyarə ilə, yol gedərkən təbiəti izləmək möhtəşəmdir.