Ready to get started?
TOP UniversitiesMay 12, 2023
Seriyamızın 27-ci günündə Çexiyanın Praqa şəhərində tələbəmiz Ləman ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Ləman Məmmədova. 17 yaşım var. Çexiyanın Praqa şəhərində İnformasiya Texnologiyaları üzrə təhsil alıram. İnformasiya təhlükəsizliyi (information security) üzrə ixtisaslaşmışam və birinci kurs tələbəsiyəm.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?
Universitetə 1370 SAT, 7.5 IELTS nəticələri və qırmızı attestat ilə daxil olmuşdum. Universitet bütün xarici tələbələr üçün ödənişlidir. İllik ödəniş 128000 CZK (~6000 dollar), aylıq yaşam xərcləri isə 700-800 manat əhatə edir. Çexiya, təəssüf ki, Dövlət Təqaüd Porqramı tərəfindən əhatə olunmur.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Çətin olmasına baxmayaraq, təhsil çox yaxşıdır. Hər bir fənnin əhəmiyyətini dərk edir və sadəcə kəsilməmək üçün oxumursunuz. Hər fənn üçün 3 imtahan var, və kəsildikdə növbəti il yenidən dərsdə iştirak etmək olur. Əksər fənlərin həm də mühazirədə öyrəndiklərimizi tətbiq etdiyimiz laboratoriya hissələri olur.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Məncə burada tələbə həyatı hər bir halda sizə yaxşı təsir edir: həm fərqli insanlarla əlaqədə olur, həm də müxtəlif sosial fəaliyyətlərdə iştirak edə bilirsiniz.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Olduğum şəhər kiçik, amma qədim və gözəldir. Həm də çox sakit olduğunu görə, məncə, tələbələr üçün idealdır.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Məncə təhsil alacağınız sahə üzrə biliklər əldə etmək lazımdır, çünki əks halda çətinliklərlə üzləşirsiniz. Məsələn, mən IT sahəsində biri olaraq xüsusilə C, C++ kimi proqramlaşdırma dillərini yaxşı bilməyi məsləhət görərdim. Python, Java və s. dilləri bilmək də çox faydalıdır.