Ready to get started?
TOP UniversitiesMay 03, 2023
Seriyamızın 19-cu günündə Sinqapurda tələbəmiz Vaqif ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Əliyev Vaqif. 147 saylı Texniki Humanitar liseyin məzunu olmuşam. Bu ildən Sinqapurun Nanyang Technological University-də (NTU) Elektrik və Elektronika Mühəndisliyi ixtisası üzrə təhsil alıram.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?
Universitetə qəbul olmazdan əvvəl 4 AP (Advanced Placement) imtahanı nəticəsi, 1390 SAT və 6.5 IELTS nəticələrim var idi. Bir neçə dəfə Respublika və Beynəlxalq Fənn Olimpiadaların iştirakçısı və qalibi olmuşam. Hazırda Dövlət Proqramı çərçivəsində təhsil alıram.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Universitetin dərs proqramı hər il dünyada baş verən yeniliklərə görə dəyişdirilir. Bakalavr proqramına nəzəri və laboratoriya dərslərindən əlavə bir semestr rəsmi təcrübə (internship) və iki dizayn və innovativ layihə daxildir. Rolls-Royce, HP, Delta, Alibaba kimi böyük şirkətlərin universitetin partneri olması, bu şirkətlərlə universitetin ortaq laboratoriyasının olması və həmçinin universitetdə 10-dan çox araşdırma mərkəzinin olması təcrübəni və layihələri elə burda etmək fürsəti yaradır.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Həm universitetin, həm də qaldığımız yaşayış yerlərinin müxtəlif klubları var. Bunlara həm idmanla, rəqslə əlaqəli fəaliyyətlər, həm də müxtəlif fakültələrin sahibkarlıq və ya innovasiya ilə əlaqəli klubları daxildir. Universitetdə həmçinin hakatonlar, müxtəlif layihələrin sərgisi və ya yarışı təşkil olunur.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Sinqapur balaca ölkədir və əhali sıxlığına görə dünyada ikincidir. Buna rəğmən şəhər möhtəşəm dizayn olunub, nəticədə insan sıxlığı hiss olunmur. Nəqliyyat sistemi, xüsusi ilə metro bütün ölkəni əhatə edir və bu istənilən yerə rahatlıqla getmə imkanı yaradır. Ona görə də, insanlar ictimai nəqliyyatdan daha çox istifadə edir və ciddi tıxaclar olmur. Həmçinin Sinqapur ekvatorial iqlim qurşağında yerləşdiyi üçün bütün il boyu ölkədə yay fəslidir və hər yer yaşıl və gözəl olur. Həmişə havanın isti olması isə şəhərin tək problemidir.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Öncəliklə xaricdə təhsil almaq istəyən məktəblilərə öz maraq dairələrini, planlarını, hədəflərini daha erkən müəyyən etməyi etməyi tövsiyə edərdim. İngilis dilini daha erkən yaşdan öyrənmək də onların hədəflərinə çatmalarında faydalı ola bilər. Çünki bəzən ingilis dili səviyyəsi aşağı olduqda beynəlxalq imtahanlara son 1-2 ildə hazırlaşmaq çətin olur və ya kifayət qədər yaxşı nəticə əldə etmək olmur. Dünyanın ən yaxşı universitetlərində oxumağı hədəfləyən şagirdlərə isə sevdikləri elm sahəsində olimpiadalarda iştirak etməyi tövsiyə edərdim. Bu onlara həm özlərini bir sahədə inkişaf etdirməkdə, həm özləri ilə eyni və ya oxşar hədəfləri olan dostlar tapmaqda, həm də daha rəqabətcil olmaqda kömək edəcək. Digər tərəfdən isə olimpiada iştirakçısı və ya qalibi olmağınız universitetlərə qəbulda çox faydalı olur və sizi digər namizədlərdən fərqləndirir.