Ready to get started?
TOP UniversitiesApril 29, 2023
Seriyamızın 16-cı günündə Şotlandiyanın Edinburq şəhərində tələbəmiz Nicat ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Nicat İsaxanlı. Böyük Britaniyada, Şotlandiyanın Edinburq universitetində maliyyə ixtisası üzrə magistr təhsili alıram.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?
2021-ci ildə Bakı Mühəndislik Universitetinin bakalavr maliyyə ixtisasını 90+ ortalama ilə bitirmişdim. Əlavə olaraq 680 GMAT, 7.5 İELTS nəticələrim var idi. Bəzi beynəlxalq tədbirlərdə, könüllülük proqramlarında iştirak etmişəm.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Universitetin təhsil sistemi praktik və nəzəri biliklərin öyrədilməsinə əsaslanır. Vaxtaşırı böyük şirkətlərdən professionallar dəvət edilir və onların real iş həyatından olan nümunələri üzərində biliklərimizi artırırıq. Həmçinin dərslərdə “Amplify Me” proqramı ilə tələbə yoldaşlarımızla “live trading” edirik. Bu, real bazarda olan sövdələşmələrə indidən hazır olmağımıza kömək edir. Biliklərin qiymətləndirilməsi müxtəlif metodlarla olur: qrup və ya fərdi tədqiqat işləri, müxtəlif tapşırıqlar, imtahanlar. Bunların öhdəsindən gəlmək üçün müxtəlif ölkələrdən olan dostlarımla bir hazırlıq qrupu yaratmışıq.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Edinburq böyük şəhər olmasa da olduqca tarixi və bir çox millətlərdən olan insanların toplaşdığı bir məkandır. Bəzən yapon və nigeriyalı tələbə yoldaşlarımla müxtəlif mədəniyyətlərin yeməklərini yoxlayırıq. Yəqin ki, bizi kənardan görənlər çox təəcüblənirlər: bir qafqazlı, bir yapon, bir nigeriyalı - irqçiləri bu anda təsəvvür etmək belə çətindir. Universitetin şahmat klubu isə hər həftə şahmat oyunları təşkil edir və həvəslə bu yarışlara qatılıram.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Avropanın bir ucundan - yayları çox isti keçən şəhərdən o biri ucuna - az qala Arktikanın yanına gəldiyim üçün öyrəşməyim müəyyən vaxt almışdı. Qar yağanda britaniyalı tələbələri qısaqol köynəkda görəndə isə həqiqətən çaşmışdım. Artıq mən də onlar kimi geyinirəm. Məni ən çox təəcübləndirən isə Britaniyada bizim kimi yemək mətbəxinin olmaması idi: bütün günü sendviçlə yola verirlər. Britaniyaya gələn tələbələrə yemək bişirməyi öyrənməyi məsləhət görərdim.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Uğura inandığım üçün bu məqsədi qarşısına qoyan gənclərə səmimi qəlbdən uğurlar arzulayıram. Universitet dərsləri və imtahanlarının səviyyəsinə müəyyən qədər hazır olmaq üçün bakalavrdakı dərsləri təkrar etmələrini məsləhət görürəm. Universitetdə bir çox tələbə ilə əlaqə qurmaq universitet həyatını maraqlı və yaddaqalan edəcək. Çünki bizim kimi onlar da öz ölkələrinin gələcəyidirlər: bəlkə naziri, bəlkə də böyük bir şirkətin qurucusu.