Ready to get started?
TOP UniversitiesApril 17, 2023
Seriyamızın 7-ci günündə Almaniyanın Münhen şəhərində tələbəmiz və komanda yoldaşımız İlhamə ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən İlhamə Mirzəcanzadə. ROOF Academic Training-də öncə tələbə, sonra isə müəllim olmuşam. Bakalavr təhsilimi Azərbaycan Dillər Universitetinin SABAH (Təhsil Nazirliyinin savadlı, bacarıqlı və hazırlıqlı gənclər üçün nəzərdə tutduğu layihə) qruplarında ingilis dili müəllimliyi ixtisası üzrə aldıqdan sonra Magistr təhsilimə Almaniyada Techniche Universität München-də Research on Teaching and Learning (öyrətmə və öyrənmə üzrə araşdırma) ixtisası üzrə davam etmişəm. Hal-hazırda 3-cü semestri bitirmək üzrəyəm və sonuncu təhsil ilimdəyəm.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz?
Bakalavr təhsilimi 95.5 ortalama və fərqlənmə diplomu ilə bitirmişdim. Təhsilimi SABAH qruplarında almağımın nəticəsi olaraq universiteti 2 diplomla almışam. Beynəlxalq sertifikatlardan IELTS- dən ümumi 7.5 bal və müəllimlik ixtisası üçün nəzərdə tutulmuş TKT imtahanının ilk iki modulundan maksimal nəticə əldə etmişdim. Bunlarla yanaşı, bakalavr təhsilimin sonuncu ilində dekanımızın rəhbərliyi və 4 qrup yoldaşımın birgə əməkdaşlığı ilə “Specialist on speaking and listening” adlı universitet tələbələri üçün nəzərdə tutulmuş dərslik dərc etmişdik.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Təhsil aldığım proqram asan deyil, lakin öhdəsindən gəlinə bilinəcək səviyyədə (2 il ərzində tamamlana bilinəcək) dizayn edilib. 2 illik nəzərdə tutulmuş proqramda yalnız 1 əsas fənndən ənənəvi imtahan verilir. Digər fənləri uğurla başa vurmaq üçün adətən qrup, cütlük və ya fərdi şəkildə layihələr, poster təqdimatlar (poster presentation) və yazı işlərini (report) tələblərə uyğun tamamlamaq kifayət edir. Fənlər qiymətləndirməyə görə pass/fail (dərsdə qiymət verilmir və məqsəd sadəcə keçməkdir) və graded (qiymətləndirilir) olmaqla iki yerə bölünür. Bununla yanaşı, hər semestr üzrə recommended (məsləhət görülən) və elective (fərdi seçilən) fənnlər mövcuddur. Son semestr heç bir fənn yoxdur, tələbələr sadəcə Magistr tezislərini yazmaq və ixtisasları üzrə (bu education və research olaraq 2 seçimə bölünür) təcrübə (internship) keçməklə məşğul olurlar. Elmi rəhbəri və təcrübə keçiləcək iş yerini tələbələr seçir. Elmi araşdırma etmək üçün universitetdə imkanlar genişdir. Müəllimlər və tələbələr arasında sərbəst və dost münasibəti var. Asanlıqla yüksək elmi dərəcələrə sahib professorlarla əməkdaşlıq edə bilərsiniz. Hal-hazırki elmi rəhbərimlə də tanışlığım bu cür olub: Elmi araşdırma baxımından hər ikimizin ortaq maraq dairəsi olduğunu öyrəndikdən sonra müəllimimə mail yazdım və hər hansı bir əməkdaşlığa açıq olduğumu bildirdim. Çox keçmədən görüş dəvəti aldım və əməkdaşlığımız hələ də davam edir.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Tələbələr üçün universitet daxilində, yataqxanalar nəzdində və ya ümumi olaraq Münhen şəhərində idman, mütaliə və digər maraq dairələri üzrə dərnəklər, online qruplar və məkanlar var. Məsələn, təhsil aldığım universitetdə tələbələr üçün çox münasib qiymətə idman abunəliyi var. Bu abunəlik universitetin müxtəlif idman növləri üçün nəzərdə tutulmuş meydançalarında keçərlidir. Bundan başqa, hiking-ə marağı olanların qoşula biləcəyi qruplar da mövcuddur.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Münhenin tarixi görünüşlü hissələrinin də olmasına rəğmən ümumilikdə müasir ab-havası olan şəhərdir. Almaniyanın ən bahalı, ən təmiz və ən ciddi qaydalara sahib şəhəridir. Əhali digər şəhərlərlə müqayisədə daha rəngərəng (beynəlxalq), daha səmimi və ingilis dillidir. Müxtəlif yaşlara mənsub olanlar ingilis dilində rahat danışa bildiyi üçün alman dilini bilməyən şəxslər üçün daha rahat bir şəhərdir. Havası çox dəyişkəndir: ani yağışların yağması Londonu xatırladır.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Təhsil alacağınız şəhər və universitet haqqında öncədən araşdırma etməyiniz sizə çox faydalı olacaq. Məsələn, təhsil alacağınız şəhərdə mənzil qiymətləri və şərtləri ilə tanış olmağınız sizi saxtakarların toruna düşməkdən qoruyacaq. Bu barədə məlumatlı olmağım məni saxtakarlara inanmaqdan dəfələrlə çəkindirib. Qalacaq yer tapmağın çətin olduğunu unutmayın və axtarışa qəbul aldıqdan dərhal sonra başlayın. Universitet yataqxanalarına müraciət etməklə paralel fərdi kirayə mənzillərin və ya qısaca Wg adlanan (bir neçə şəxslə bərabər yaşanan ev) mənzillərdə də otaq axtarışında olun. İstənilən məsələ ilə bağlı sual verməkdən çəkinməyin. Hər bir şəxsdən istər şəhər, istərsə də universitetlə bağlı bir çox faydalı məlumat əldə edə bilərsiniz. YouTube platformasında sizi maraqlandıran universitet və şəhər haqqında xeyli faydalı videolar var. Onları izləyib qeydlər apara bilərsiniz və bu xaricə alışmağınızda sizə yardımçı olacaq.