Ready to get started?
TOP UniversitiesOctober 13, 2023
Seriyamızın 76-ci günündə Cənubi Koreyanın Daejon şəhərində tələbəmiz Rza ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Rza Hüseynov. Hal-hazırda Cənubi Koreya-nın KAIST Universitetində 3-cü kurs tələbəsiyəm. Kompüter elmləri və biznesin idarə edilməsi üzrə təhsil alıram.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
Fikrimcə universitetə qəbul olmağımda əsas rola iştirak etdiyim informatika olimpiadaları sahibdir. Bundan əlavə, əldə etdiyim 1510 SAT, 8.0 IELTS və SAT subject imtahanları nəticələrim qəbul almağımı asanlaşdıran faktorlardandır. Hal-hazırda KAIST-in beynəlxalq tələbələrə verdiyi təqaüd ilə ödənişsiz təhsil alıram.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Koreyanın bir çox universitetlərində olduğu kimi KAIST-də də təhsil sistemi Amerika sisteminə çox yaxındır. Bundan əlavə professorların böyük əksəriyyəti Amerika universitetlərindən PhD dərəcəsinə sahib olduqlarına görə sahələri üzrə çox savadlıdırlar. Lakin dərslərin keyfiyyəti fikrimcə, professordan professora dəyişir. Buna görə də hesab edirəm ki, KAIST-də tələbələrə verilən dərsləri seçmə azalıdlığı çox vacibdir. KAIST-i bir universitetdən daha çox araşdırma mərkəzi kimi düşünmək olar. 3-cü və 4-cü kursda olan tələbələrin bir çoxu universitet daxilində olan laboratoriyalara daxil olaraq maaş qarşılığında elmi araşdırmalar edirlər. Bunun üçün lazım olan ortalamadan yüksək GPA və araşdırma edəcəyiniz sahə üzrə maraqdır.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
KAIST-də hal-hazırda 40-45 azərbaycanlı tələbə təhsil alır. Kifayət qədər həmyerlilərimizin olması həqiqətən də universitet həyatına öyrəşməyi və sosial cəhətdən aktiv olmağımızı rahatlaşdırır. Azərbaycan icması olaraq hər ay daimi şəkildə sosial tədbirlər təşkil edirik, hansı ki tələbəlik dövründə tükənmə olmaması üçün zəruridir. KAIST-in mənfi cəhətlərindən biri odur ki, universitet daxilindəki tələbə klublarının 90% Koreya dilində fəaliyyət göstərir. Buna görə universitet içində müxtəlif növ klublar olsa da, xarici tələbələrin girə biləcəyi klub sayı xeyli azdır. Buna görə də əksər vaxt xarici tələbələr bir-biri ilə sosiallaşırlar.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Koreya çox inkşaf etmişdir. Koreyanın texnologiya sənayesi çox güclü olduğuna görə məzun olduqdan sonra karyera imkanları kiyafət qədər çoxdur. KAIST Universiteti Koreyanın Daejeon (Tecon) şəhərində yerləşir. Daejeon fikrimcə, sakit bir şəhərdir və tələbə həyatı üçün idealdır.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
KAIST-də təhsil almaq istəyənlərə tövsiyəm o olar ki, oxumaq istədikləri sahə üzrə çoxlu bilik və bacarıqlar əldə etsinlər. Bundan əlavə güclü riyaziyyat biliyi fikrimcə onlara üstünlük verə bilər. Hər kəsə təhsil həyatında uğurlar arzulayıram.