Ready to get started?
TOP UniversitiesOctober 04, 2023
Seriyamızın 67-ci günündə Koreyanın Daejon şəhərində tələbəmiz Ayhan ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Ayhan Süleymanzadə. KAIST universitetinin 2-ci kursunu bitirdim. İxtisasım kompüter elmləri və elektrik mühəndisliyidir.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
Universitetə 1430 SAT, Fizika, Kimya və Riyaziyyat II üzrə 800 SAT Subject, həmçinin fizika olimpiadalarından medallar ilə qəbul olmuşdum. Universitetin təqaüdü ilə ödənişsiz təhsil alıram. Bundan əlavə universitet aylıq 300 dollar stipendiya alıram.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Universiteti çox bəyənirəm, çünki elmi araşdırmalara fokuslanan bir təhsil ocağıdır. Bu səbəbdən də universitetdəki bütün professorlar çox işgüzardırlar. Həmçinin bakalavr tələbələrinin qoşulub təcrübə qazana biləcəyi laboratoriyalar da var. Məncə bu dərslərdən belə daha önəmlidir. Bəzi hallarda laboratoriyada işləyən tələbələr maaş da alır, hansı ki yaşam xərclərini qarşılamaq üçün yaxşıdır. Dərslərin təşkili də yaxşıdır, lakin bəzi professorlar elmi işlərə çox fokuslandığı üçün dərsləri çox ciddiyə almaya bilir.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
KAIST Koreyanın ən yaxşı universitetidir və burada hamı təhsilə çox fokuslanır. Buna görə də universitet daxili festivallar bir qədər limitli ola bilər. Bundan əlavə, Koreya dilini bilməmək klublara üzv olmağı çətinləşdirir. Baxmayaraq, sosial həyatın pis olduğunu deməzdim.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Universitet Daejon şəhərində yerləşir və bu şəhərdə əsasən zavod, fabrik və universitetlər yerləşir. Lakin xüsusən Seula nisbətən ucuzdur və sakit şəhərdir. Gəzməli yerləri az olsa da yaşıllıq kifayət qədərdir.
6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
KAIST-də araşdırmalar bakalavr olduqda belə çox yüksək səviyyədədir, buna görə də məqsədi doktorantura olanlara xüsusən çox tövsiyə edərdim. Bundan əlavə, universitetdəki müxtəlif imkanlara görə aylıq 300 dollardan əlavə pul qazana bilirsiniz və maddi olaraq əziyyət çəkmirsiniz.