Ready to get started?
TOP UniversitiesOctober 03, 2023
Seriyamızın 66-cı günündə Cənubi Koreyanın Seul şəhərində tələbəmiz Röyal ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Röyal Hüseyn, 20 yaşım var. Cənubi Koreyada, Kyung Hee universitetində təhsil alıram.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
Universitetə 1410 SAT və 7.5 IELTS, həmçinin riyaziyyat, kimya və fizika üzrə SAT Subject nəticələri ilə qəbul olmuşam. Bundan əlavə, müxtəlif riyaziyyat olimpiada və yarışlarında iştirak edirdim. Təhsilimi isə Koreya Qlobal Təqaüdü ilə maliyyələşdirirəm, hansı ki bütün xərcləri qarşılayır.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Təhsil yaxşıdır. Semestr boyunca iştirak edəcəyimiz dərsləri özümüz müəyyən edirik. Elmi işlər görmək üçün laboratoriyalar mövcuddur, lakin bunlardan əksərən birinci kursda baza yığdıqdan sonra ikinci və sonrakı kurslarda istifadə edilir. Həmçinin yuxarı kurs tələbələrinin Samsung, LG, Hyundai kimi şirkətlərdə intern olmaq imkanı olur.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Universitetdə musiqi və idman da daxil olmaqla müxtəlif sahələrə aid klublar mövcuddur. Universitet daxilində elm və bilik yarışmaları da var. Həmçinin Seul çox böyük şəhərdir və burada müxtəlif insanlar, xüsusən fərqli ölkələrdən gələn tələbələr ilə tanış olmaq olur.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Koreyanın ölkə olaraq 70%-i dağlardır və mən hiking etməyi çox sevdiyim üçün bunu çox bəyənirəm. Şəhərdən bir az addım atdıqda dağlıq təbiət ərazisinə çıxmaq olur. Universitet kampuslarından biri də dəniz yaxınlığındadır.
6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Bura gəldikdə yeməklərə öyrəşə bilmək, tez sosiallaşmaq, dərslərdə iştirak etmək çox vacibdir. Professorlar bunu çox bəyənir, xüsusən də xarici tələbələrdə.