Ready to get started?
TOP UniversitiesSeptember 30, 2023
Seriyamızın 64-cü günündə Polşanın Lodz şəhərində tələbəmiz Eldar ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Eldar Muxtarov. 18 yaşım var. Hal-hazırda Polşada, Lodz Universitetində Kompüter Elmləri üzrə Bakalavr təhsilimi davam etdirirəm.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
Universitetə IELTS 7 ilə qəbul olmuşam. Bundan əlavə, bir çox yarış və festivallardakı nailiyyətlərim, həmçinin xarici universitetlərdə olan təcrübələrim də qəbul olmağıma kömək etdi. Universitet MDB ölkələrindən olan tələbələr üçün illik 1500 EUR ödəniş tələb edir, ancaq bir neçə təqaüd imkanı mövcuddur. Bunlara misal olaraq Rektorun təqaüdünü gətirmək olar, hansı ki mən də bu təqaüdə namizədəm.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Təhsil həyatı fikrimcə rahat keçir. Keçilən dərslər bir-biri ilə bağlı olduğu üçün sanki oxşar mövzuları keçirmişik kimi olur. Bir çox müəllimlərim və ya yeni tanış olduğum professorlar elmi araşdırma edir və bakalavr tələbəsi olmağıma baxmayaraq onlara qoşulmağıma icazə verirlər.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Universitetdə xarici tələbələr üçün çox az sayda klub fəaliyyət göstərir. Təəssüf ki bir çox klub və yarışlar yalnız yerli tələbələr üçündür, ya da pandemiyadan sonra fəaliyyəti dayanıb. Ancaq universitet tələbələrə yeni klub yaratmaq şansı verir. Bu şansdan istifadə edib yaxınlarda öz fakültəmizdə şahmat klubu yaratdım. Bu tipli klublara hər hansısa ləvazimat lazım olarsa dekan və ya rektora müraciət edərək maddi yardım belə tələb etmək olur. Universitetin sevdiyim bir cəhəti də fiziki təhsildir. Universitet təhsilimiz müddətində istənilən bir idman növünü seçib, iki semester həmin dərslərə qatılmağa imkan yaradır. Bunlara üzgüçülük, stolüstü tennis və s. daxildir.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Lodz şəhəri olduqca sakit şəhərdir. Şəhərə ilk gəldiyim anlardan bəri şəhərdəki ikinci dünya müharibəsinin buraxdığı izləri görürdüm. Hazırda şəhərdə bir çox təmir işləri gedir. Bundan başqa şəhərdə çoxlu parklar, əyləncə və istirahət mərkəzləri mövcuddur. Hətta şəhərdə Piotrkowska küçəsi Avropada ən uzun küçədir.
6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Xaricdə təhsil almaq istəyən tələbələrə tövsiyəm odur ki, oxumaq istədikləri universiteti araşdırarkən orada olan tələbə və müəllimlərlə əlaqəyə keçsinlər. Universitetin xarici reputasiyası və paylaşılan mənbələrdən əlavə dərs keçən və keçilən insanlarla nə qədər çox əlaqə qurularsa, təhsil sistemi haqqında o qədər çox məlumat əldə edilər.