Ready to get started?
TOP UniversitiesSeptember 30, 2023
Seriyamızın 63-cü günündə Koreyanın Daejon şəhərində tələbəmiz Zəhra ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Zəhra Bayramlı, 20 yaşım var. KAIST universitetinin 3-cü kursunu artıq bitirdim.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
Universitetə bir sıra yerli və beynəlxalq olimpiada nəticələri, 1370 SAT, SAT subject Math 2 və Physics, 7 IELTS ilə müraciət etmişdim. Universitetdə illik təhsil haqqı qarşılanır, bundan əlavə xarici tələbələrə aylıq stipend də verilir.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
KAIST araşdırma fokuslu universitet olduğu üçün elmi araşdırmalara yüksək əhəmiyyət verir. Hətta bakalavr olaraq da laboratoriyalarda işləmək, araşdırma aparmaq imkanları və s. yaradır. Dərslər isə düşünürəm, bir qədər çətindir. Burada oxuyan digər tələbələrin də potensiallarını və çalışqanlıqlarını nəzərə alsaq, bəzən çox çalışsanız da hər zaman yaxşı nəticələr əldə etməyə bilərsiniz.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Universitetdə hər semester ərzində bir neçə dəfə fərqli festivallar keçirilir (food, art, konsertlər və s). Klublar da çoxdur, lakin Koreya dilini bilmədikdə onlara qoşulmaq problem yarada bilir.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
KAIST-in yerləşdiyi Daejeon olduqca sakit şəhərdir və təbiəti canlıdır. Ölkə olaraq isə Koreyanın çox təhlükəsiz olması mənim üçün ən müsbət cəhətlərindən biridir.
6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Məncə universitetə başlamazdan əvvəl gələcəkdə seçəcəyiniz ixtisasla bağlı fəaliyyətlər etsəniz bu sizin həyatınızı bir qədər asanlaşdıra bilər. Məsələn, kompüter elmləri oxumaq istəyirsinizsə, ən azı 1 proqramlaşdırma dilini məktəb vaxtı öyrənmək və s., Koreyaya gəlmək istədikdə isə Koreya dilini öyrənməyə çalışmaq məncə yaxşı fikirdir.