Ready to get started?
TOP UniversitiesSeptember 29, 2023
Seriyamızın 62-ci günündə Polşanın Lodz şəhərində tələbəmiz Amin ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Amin Vəlixanov, Polşa Lodz universitetində “Business Management” ixtisası üzrə təhsil alıram.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
Universitetə IELTS ilə qəbul olmuşam. Lodz universiteti bir çox Asiya ölkələrindən gələn tələbələrə 30-40 faiz endirim edir. Business Management ixtisası üçün ödəniş 2500 avrodur, mən isə illik 1500 avro ödəyirəm. Yaşam xərcinə gəldikdə isə, Avropanın yaşam üçün ən münasib ölkəsi Polşadır deyə bilərəm. Bir tələbə üçün yataqxana xərcləri, qida və əlavə bəzi xərcləri nəzərə aldıqda aylıq təxmini 300-400 avro bəs edir. Təbii ki, büdcəni idarə etməkdən çox şey asılıdır.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
Təhsil kifayət qədər yaxşıdır, professorların hamısının özlərinə xas metodları, hər bir dərs üçün yeni izahat üsulları var. Hətta fakültədə bütün dərslər workshop tipli keçir, yuxarı kurs tələbələri, hətta əvvəlki illərdən məzun olanlar təcrübələrini gəlib dərsdə bizimlə bölüşürlər. Akademik fəaliyyətlərə gəldikdə isə professorların və universitetin köməyi ilə online kurslardan mühüm, qlobal sertifikatlar yığıb öz CV-lərimizə əlavə edirik. Hətta “how to behave in a job interview” tipli bir hissə də var, hansı ki istəyən tələbələrə CV hazırlamaq, suallara necə cavab verilməli olduğu da öyrədilir.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Tələbə həyatı normaldır. Lodz şəhəri əsasən tələbələrdən ibarətdir, yerli əhali çox az saydadır. Həftə sonları yataqxanalarda, meydanlarda yığışıb volleybol, futbol və s. kimi fəaliyyətlər təşkil olunur. Orada azərbaycanlı tələbələrdən ibarət milli futbol yığması belə var idi. “LODZ NATIONS LEAGUE”də iştirak edirdik.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Təəssüratlarım müsbətdir: ətrafımdakı insanlar, universitet mühiti, şəhərin qədimi dizaynı mənə çox xoş gəlirdi.
6) Bu ölkədə, universitetdə və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Həm ödəniş baxımından ucuz, həm bakalavr və magistr diplomu dünyanın hər yerində tanınan, sakit və təhlükəsiz bir şəhər məncə idealdır. Sadəcə özünüzə məqsəd qoyun, onun üçün çalışın.