Ready to get started?
TOP UniversitiesSeptember 21, 2023
Seriyamızın 54-cü günündə Türkiyənin İstanbul şəhərində tələbəmiz Nuray ilə birgəyik.
1) Özünüzü təqdim edə bilərsiniz?
Mən Nuray Kazımlı. 17 yaşım var. 2022-ci il Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi məzunuyam. Hal-hazırda Türkiyə Bursları proqramı ilə Boğaziçi Universitetində biznesin idarə olunması üzrə təhsil alıram və artıq 1-ci kursu bitirmişəm.
2) Universitetə hansı nəticələr ilə qəbul olmuşdunuz? Təhsilinizi necə maliyyələşdirirsiniz?
Universitete akademik olaraq 1430 SAT və 98 TOEFL balları ilə qəbul olmuşam. Lakin əsas qəbuluma təsir edən dərsdənkənar fəaliyyətlərim olub. Avropa birliyinin Gənc Avropa Səfiri, Education Hub və Regional İnsan Hüquqları və Media Mərkəzində layihə idarəçisi (event manager), İqtisadi və Sosial İnkişaf Mərkəzində (CESD) araşdırma təcrübəçisi (research intern) olaraq könüllülük etmişəm. İqtisadi və Sosial İnkişaf Mərkəzində təcrübə zamanı Covid-19 Pandemiyasının Azərbaycanın Aviasiya sektoruna təsiri haqqında heyətin də əvəzolunmaz yardımı ilə yazdığım məqaləm önəmli jurnallarda dərc olunub. Davamında yenidən Zəngəzur Koridorunun iqtisadi fürsətləri haqqında araşdırmam Gənc Tədqiqatçılar jurnalında nəşr olunub. Bundan əlavə Education USA nəzdində CCC (Competitive College Club) proqramında, Camp Rising Sun liderlik proqramında və müxtəlif Riyaziyyat olimpiadalarında iştirak etmişəm. Maliyyəyə gəldikdə isə bütün xərclərim - təhsil haqqı, yataqxana, səhər və axşam yeməkləri xərclərim - və əlavə olaraq aylıq təqaüdüm keçən il qazandığım Türkiyə Bursları tərəfindən təmin olunur.
3) Universitetdə təhsil necədir (dərslər; elmi araşdırmalar və s. akademik fəaliyyətlər)?
İlk ilim olduğu üçün demək olar ki ancaq təhsil fəaliyyətləri ilə məşğul olmuşam. Bu səbəbdən müəllimləri yaxından analiz etmə imkanım olub. Açığı dərslərimiz bir az çətindir, lakin son həftə çalışması ilə dərsləri keçmək mümkündür. Mən isə magistr hədəflərim olduğu üçün qiymətlərimi mümkün olduqca yuxarı tutmağa çalışıram. Mənim tanış olduğum müəllimlərimin hər biri Amerikanın top universitetlərində ya magistr, ya da PhD təhsili alıblar. Bu səbəbdən dərslərimiz adətən interaktiv və əyləncəli keçir. Müəllimlərimiz dərsləri içtən və yüksək enerji ilə həyata keçirirlər. Lakin həm universitet, həm də müəllimlər imtahanlar mövzusunda çox sərt olduqları üçün çalışsaq belə layiq olduğumuz qiymətləri aldığımızı düşünmürəm.
4) Bəs təhsil xaricində tələbə həyatı necədir (klublar, yarışmalar və s. sosial fəaliyyətlər)?
Fürsətlər çox olsa belə dərslərin çətinliyi səbəbi ilə ən çoxu 2 kluba qoşula bilərsiniz. Lakin demək olar ki hər hobbi üzrə klub mövcuddur. Universitetdə bir çox festivallar keçirilir, ən məşhuru isə Taş Oda deyiləndir. Mən 30 may imtahanlarım bitdiyi gün evə gəldiyim üçün təəssüf ki qoşula bilmədim. Əlavə olaraq debat klubunun üzvüyəm və orada həm sinif daxili, həm də ölkələr arası yarışmalar keçirilir.
5) Olduğunuz ölkə və şəhər haqqında təəssüratlarınızı paylaşa bilərsiniz?
Mən Türkiyənin İstanbul şəhərində təhsil alıram. Turist olaraq gəldiyim zaman daha xoş olsa da tələbə həyatı üçün kampus xaricində yaşayırsanızsa rahat olmadığını düşünürəm. Buna səbəb yolda çox zamanın itirilməsidir. Festivallar, teatrlar və də sinemalar gecə gec saatlarda nümayişə başladıqları üçün yenə uzun yollar təhlükə yaradır. Amma yenə də muzeylərləri ilə, tarixi məkanlarıyla və mədəni mirası ilə təhsil həyatınızı rəngləndirir.
6) Bu ölkədə, universitetdə, və yaxud ümumiyyətlə xaricdə təhsil almaq istəyən tələbələrə nə kimi tövsiyələr verə bilərsiniz?
Məncə akademik göstəricilərinin ortalamadan daha yüksək olmasına çalışsınlar. Beynəlxalq tədbirlərdə iştirak etsinlər. Mənim müraciətim boyunca əsas səhvim zənnimcə Amerikadakı sadəcə top üniversitetlərə müraciət etməyim oldu. Bu səbəbdən üniversitetlərə müraciət edərkən Amerikadakı həm top, həm əlçatan, həm də qəbul almağınızın asan olduğu üniversitetlərə müraciət etsinlər. Əgər Amerika alınmasa isə mənim də təhsil aldığım Boğaziçi üniversitetini nəzərdən keçirə bilərsiniz. Bu sizə həm keyfiyyətli həm də əyləncəli təhsil həyata verə bilər.