DAAD proqramı Almaniyada təhsil

Almanlar ölkələrini şair və mütəfəkkirlərin ölkəsi, “İdeyalar vətəni” adlandırırlar. Burada 400-dən çox ali təhsil müəssisəsi vardır ki, onlar özlərində 1000-ə yaxın təhsil proqramını birləşdirir. Bir sözlə, Almaniya təhsil üçün ideal məkandır, səbəblərini isə məqaləni oxuyarkən anlayacaqsınız 😉
Qeyd edək ki, ötən tədris ilində ümumilikdə 20 tələbəmiz Almaniyada təhsil imkanı qazanıb. Eyni zamanda 2 tələbəmiz DAAD təqaüd proqramından qəbul alıb, tam təqaüdlü təhsil şansı əldə edib.

Almaniyada təhsilin üstünlükləri:

  • Tədqiqat və təhsil sahəsində mükəmməllik
  • Şəxsi və intellektual inkişafda yüksək potensial
  • Təhlükəsizlik və iqtisadi sabitlik
  • Dövlət təhsil müəssisələrinin təhsil haqqı tələb etməməsi
  • Təklif olunan təhsil proqramlarında geniş seçim
  • Şengen zonası ölkələrinə vizasız səyahət imkanı.

Almaniyanın ən yaxşı universitetləri hansılardır?

Dünyanın ən yaxşı universitetləri siyahısında 26 Almaniya tədris müəssisəsini ilk 500-də görə bilərik. Həmin universitetlərdən ilk beşini sizlər üçün qeyd edirik. Bunlardan ilk üçü isə ən reytinqli 100 universitet siyahısında yer alır.

  • Münhen Texniki Universiteti
  • Münhen Lüdviq-Maksimilian Universitet
  • Heydelberq Universiteti
  • Karlsrue Universiteti
  • Berlin Humboldt Universiteti

 

Almaniyada oxumaq üçün tələblər nələrdir?

Almaniyada bakalavr təhsili 3 il, magistr təhsili isə 2 ildir. Almaniyada orta məktəb təhsilinin 12-13 il olduğunu nəzərə alsaq, bakalavr dərəcəsi oxumaq üçün siz 1 və ya 2 il Azərbaycanda bakalavr təhsili aldıqdan sonra Almaniya dövlət universitetlərinə müraciət edə bilərsiniz. Ölkədə tədris 2 dildə aparılır: alman və ingilis.

GRE – Almaniyanın bəzi universitetlərində magistratura təhsili üçün GRE sertifikatı ilə qəbul almaq mümkündür. Bu universitetdən və müraciət edəcəyiniz ixtisasasdan asılı olaraq dəyişir.

GMAT – Bu imtahan daha çox biznes istiqamətli tədris müəssisələri tərəfindən qəbul edilir, amma bəzi Alman universitetləri vardır ki, onlar hüquq, iqtisadiyyat kimi ixtisaslar üçün GMAT tələb edirlər. Bu sertifikatın müddəti 5 ildir.

IELTS – Almaniyanın bir çox universitetləri ingilis dilində tədris proqramları üçün bu sertifikatı tələb edir. Nəticəsi 6.5-dən yuxarı olan tələbələr bu proqramlara müraciət edə bilərlər, amma IELTS 7.0 və ondan yuxarı nəticələr üçün qəbul şansı daha yüksəkdir.

TOEFL – Universitetlər tələbələrin ingilis dili biliklərinin sübutu kimi IELTS ilə yanaşı TOEFL sertifikatını da qəbul edirlər.

TestDaF – Alman dilində təhsil almaq istəyən tələbələrdən TestDaF imtahanı tələb olunur. Bu sertifikatı əldə etməyən tələbələr isə müraciət etdikləri universitetdə 1 il alman dili hazırlığı dərslərində iştirak etməlidirlər.

Almaniyada dövlət universitetlərinə qəbul üçün GPA 80+ tələb olunur. Özəl tədris müəssisələrində isə bu tələb daha aşağıdır.

Təhsil və yaşayış xərcləri nə qədərdir?

Almaniyada bir çox dövlət təhsil müəssisələri təhsil haqqı tələb etmir. Beləliklə, siz yalnız yaşayış xərclərinizi qarşılamalı olursunuz. Bu da dünyanın hər yerindən tələbələrin oxumaq üçün Almaniyaya axının əsas səbəblərindəndir.

Özəl təhsil müəssisələrində isə universitetdən və müraciət olunan ixtisasdan asılı olaraq təhsil haqqı dəyişir.

Aylıq yaşayış xərcləri

Yataqxana 200-300 avro
Kirayə ev 350-500 avro
Qida 160-170 avro
İctimai nəqliyyat 25-160 avro (təklif etdiyi xidmətə görə)
Dərs vəsaitləri 20-30 avro avro
Telefon 30-40 avro
İstirahət və digər məşğuliyyətlər 70-100 avro

 

Qeyd olunan məbləğlər təxmini hesablamalardır. Xərclər sizin qaldığınız şəhərdən və fərdi yanaşmanızdan asılı olaraq dəyişə bilər.
Vizaya müraciət zamanı siz xərclərinizi qarşılaya biləcəyinizi göstərməlisiniz. Bu zaman sizdən aylıq 700 avro yaşayış xərclərinizi qarşılayacaq vəsaitinizin olmasını göstərən sənəd tələb edirlər.

Təhsil alarkən işləmək mümkündürmü?

Ölkədə tələbələrə ildə 120 tam, 240 yarım iş günü işləmək icazəsi verilir. İş haqqında elanlar universitetlərdə verilir və əsasən regional şirkətlər tələbələri işə götürməkdə maraqlıdırlar. İşləmək üçün boş vaxtları dəyərləndirmək məsləhət görülür, əks halda dərslərdə iştirak etmədiyinizə görə təhsil müddətiniz uzadıla bilər.

Universiteti bitirdikdən sonra Almaniyada iş tapmaq mümkündürmü?

Universiteti bitirdikdən sonra sizə 18 ay ölkədə qalmaq icazəsi verilir. Bu vaxt ərzində sizə həm də işləmək icazəsi verilir. Bəzi sahələr var ki, burada xarici işçi kütləsinə ehtiyac duyulur: elektronika, informasiya texnologiyaları, tekstil, mühəndislik, kimya. Son illərdə turizm və texnologiya sahələrinin inkişafı bu ixtisaslar üzrə də tələbi artırıb. Qeyd olunan sahələrdə işləmək istəyənlər üçün Almaniyada həyat bir qədər asan ola bilər, amma qeyd edək ki, şirkətlər sizin oxuduğunuz ixtisası və bacarıqlarınızı da nəzərə alır.

Almaniyada təqaüdlə təhsil almaq mümkündürmü?

Ölkənin ən məşhur tələbə təqaüd proqramı DAAD ( Alman Akademik Mübadilə Xidməti ) hesab olunur. Bundan başqa böyük şirkətlər, siyasi partiyalar, fondlar və universitetlər tərəfindən verilən təqaüd proqramları da mövcuddur.

DAAD proqramı müxtəlif universitetlər üzrə, bir çox ixtisaslar üçün təqaüd ayırır. Proqrama müraciət üçün minimum yaş həddi 18-dir. Təqaüdün digər bir tələbi isə odur ki, siz son təhsil dərəcəsini aldıqdan sonra növbəti 6 ildə proqrama müraciət etməlisiniz. Doktorantura üçün bu vaxt 3 il nəzərdə tutulur. Təhsil sistemindən və müddətindən asılı olaraq DAAD müxtəlif şərtlər tələb edə bilir.

İlk mərhələdə seçimlər ölkədə DAAD tərəfindən müəyyən edilmiş komitə tərəfindən aparılır. Ümumi qərarı isə DAAD baş ofis əməkdaşları tərəfindən verilir. Seçim zamanı ən çox diqqət edilən məqam müraciət edənin şəxsi və akademik keyfiyyətləri, referans məktubu, nailiyyətləridir. Bizdə tələbələrin daha az diqqət ayırdığı sosial fəaliyyətlər təqaüdə müraciət zamanı xüsusilə nəzərə alınır.

Burada müxtəlif proqramlar üçün fərqli müraciət formaları mövcuddur. Təqaüd əsasən 3 qrup üzrə bölünür və həmin qrupların daxilində də ixtisaslara görə fərqli proqramlar mövcuddur. Bu qruplar aşağıdakılardır:

  • Doktorantura və tədqiqat təqaüdləri
  • Məzunlar üçün təqaüd proqramları
  • Bakalavr və magistr tələbələri üçün təqaüd proqramı.

Təqaüdün miqdarı, müddəti, tələblər barədə məlumat əldə etmək üçün qeyd olunan linkə daxil ola bilərsiniz. https://goo.gl/nDWboR

DAAD ilə yanaşı Almaniya universitetlərinin və müxtəlif təşkilatların elan etdiyi təqaüd proqramları da mövcuddur. Bu təqaüdlərə bəzən universitetə başladıqdan sonra, bəzən isə universitetdən qəbul aldığınız zaman müraciət edə bilirsiniz. İlk öncə isə araşdırmaq vacibdir 😉

Qeyd olunanlardan əlavə 2019/20 tədris ili üçün nəzərdə tutulan təqaüd proqramları da mövcuddur. Bu təqaüd proqramları haqqında ətraflı məlumat əldə etmək üçün https://goo.gl/JrWztQ linkə keçid etməyi unutmayın.

Əlavə suallarınız yaranarsa, rəy hissəsində yazmağı və ya ROOF Academic Training komandasına müraciət etməyi unutmayın.

Uğurlar!